04 noyabr 2024-cü il tarixində UNEC Zaqatala filialında Regional İqtisadiyyat Tədqiqat Mərkəzinin “Ətraf mühitin iqtisadi dəyəri: problemlər və həllər” adlı elmi seminarı keçirilmişdir. Müasir dövrdə ətraf mühit problemləri qlobal səviyyədə geniş yayılmışdır və onların həlli yollarının tapılması yalnız ekoloji deyil, həm də iqtisadi inkişafın dayanıqlı təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. COP29 ilə əlaqədar silsiləvi tədbirlərdən olan seminarda həmçinin yerli problemlərin mümkün həlləri müzakirə edilmiş, xüsusən də Azərbaycanın spesifik ekoloji və iqtisadi reallıqlarını nəzərə alaraq mümkün olan praktiki yanaşmaları təhlil olunmuşdur.
Seminar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazası müdiri biologiya üzrə fəlsəfə doktoru Məmmədov Coşqun İsrafil oğlu “Dünyada baş verən iqlim dəyişmələri nəticəsində şirin su ehtiyatlarının hər il azalması, torpaqların eroziyası və verimsizləşməsi səbəbindən mövcud resurslara qənaət etməklə vahid ərazidən daha rentabelli məhsul əldə etmək məqsədi ilə substrat sistemlərdən istifadə” mövzusunda çıxışı ilə başlamışdır.
Daha sonra Sakarya Universitesi öyretim görevlisi ve layihə mütəxəssisi Sadik Demirbağ “Ufuk Avrupa Proqramının sürdürülebilir bir toplum oluşumu”nda rolunu izah etmişdir.
UNEC Zaqatala filialı İqtisadiyyat və idarəetmə bölməsinin rəhbəri İsmayılova Pərvanə “Azərbaycanda KOB-ların dayanıqlı ətraf mühit siyasətlərinə adaptasiya problemləri”ndən danışmış və bu sahədə yaranan maliyyə problemləri haqqında ətraflı məlumat vermişdir.
UNEC Zaqatala filialı müəllimi Əmirli İsmayıl “Dayanıqlı istehlakın gələcəyi: ehtiyacların və resursların balanslaşdırılması” mövzusunda çıxış etmişdir.




